Möhtəşəm Gözəllik, rejissor Paolo Sorrentino tərəfindən 2014-cü ildə ən yaxşı əcnəbi film nominasiyasında Oskar mükafatına layiq görülmüş ekran əsəridir. Filmdə hadisələr qədimdən bəri gözəlliklər məskəni sayılan Romada cərəyan edir: saraylar, abidələr, memarlıq nümunələri, mənzərələr, dalanlar ... Gəlin birlikdə bu filmdəki səciyyəvi məkanları tapaq!
Filmin baş qəhrəmanı Jep Qambardella, eyvanı Romanın əsrarəngiz rəmzi olan Kolizeyə açılan terraslı bir mənzildə yaşayır. Bir səhnədə o, növbəti əyləncə gecəsindən sonra Tibr sahili boyunca gəzişərək, möhtəşəm Akuedotti parkında bir teatr tamaşasına qatılır.
Lungo Tevere & Parco degli Acquedotti
Filmdə əksər səhnələr gecələr cərəyan edir: Berninin dörd çay fəvvarəsi ilə baş-başa qalan tənha Navona meydanı, Jepin gizli hiyləyə əl ataraq zürafəni yoxa cıxarmağa çalışan bir sehrbazla qarşılaşdığı Karakalla hamamları!
Piazza Navona & Terme di Caracalla
Bir gecə Jep və digər qəhərmanlar Malta Cəngavərlərinin Priorat İqamətgahını ziyarət edirlər. İqamətgahın qapısının açar dəliyindən baxarkən, Müqəddəs Pyotr kilsəsinin günbəzinin mükəmməl görünüşünə heyran olmamaq mümkün deyil.
Villa del Priorato dei Cavalieri di Malta
Gecə gəzintisi gözəl heykəllər və rəsm əsərləri olan Barberini sarayı ilə davam edir. Bu epizod Rafaelin Fornarina (Gənc qadının portreti) əsərinin üzərində dayanaraq, Spada sarayında bitir: burada biz, Borrominin çəkdiyi aldadıcı perspektiv təsvirdə, getdikcə qısalan sütunlar və yüksələn döşəmə görüntüsü sayəsində 8 metrlik qalereyanı 37 metrədək vizual uzadan bir əsəri görürük.
Palazzo Spada & Palazzo Barberini
Bir filmin səhnələrinin çəkildiyi yerlərdə özünüzü tapmaq həqiqətən özəl bir hissdir: bu hislər sizi o mənzərələri, o dialoqları, personajların keçirdiyi duyğuları yaşamağa sövq edir. Bir də ki, əgər mövzu dünyanın ən cazibədar şəhərlərindən biri olan Romadırsa, duyğular cuşa gəlir: elə bu özü də möhtəşəm gözəllikdir!
Müəllif: Rita Pistore
Tərcümə: Kəmalə Əliyeva
12 Avqust 2020